"Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır" - İlham Əliyev
"Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki, o vaxt Azərbaycanda nizami ordu yox idi".
Bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda giriş nitqində deyib.
"Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur", - dövlət başçsı bildirib.