Gəncədə 2 saylı regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - FOTO
Bu gün Gəncədə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Mediapress.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi ilk dəfə əhaliyə xidmət etmək üçün qapılarını vətəndaşların üzünə açıb. Bu məqsədlə agentlik regionda fəaliyyət göstərən KİV nümayəndələri üçün media-tur təşkil edib. KİV nümayəndələri 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində yaradılan şəraitlə yaxından tanış olub, vətəndaşlara göstərilə xidmətləri yerində izləyiblər.
Bildirilib ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstərilir. Mərkəzin işçilərinin sayı 40 nəfərdir, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllüləridir.
Gəncə şəhəri Nizami prospekti 784 ünvanında fəaliyyətə başlayan, əsasən Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşı əhatə edən Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin rəsmi açılışı bu il yanvarın 31-də dövlət başçısı İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində edilib. Buna qədər Gəncədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi fəaliyyət göstəririb.