\
29 Noyabr 2024 - Cümə

G7 ölkələri Rusiyaya qarşı sanksiyalara hazır olduqlarını bəyan etdi

G7 ölkələri Rusiyaya qarşı sanksiyalara hazır olduqlarını bəyan etdi
1339baxış
Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə, G7 ölkələri Moskvaya qarşı genişmiqyaslı və dərhal iqtisadi nəticələrə səbəb olacaq sanksiyalar tətbiq etməyə hazırdır.
 
Qəbul edilmiş birgə bəyanatda G7 ölkələrinin vəziyyətin deeskalasiyası üzrə səyləri dəstəkləmək niyyətində olduğu deyilir .
 
G7 ölkələri Rusiyanı "sürətli, əlaqələndirilmiş və güclü reaksiya” ilə hədələyiblər.
 
"Biz Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı və dərhal nəticələrə səbəb olacaq iqtisadi və maliyyə sanksiyalarını kollektiv şəkildə tətbiq etməyə hazırıq", - G7-nin maliyyə nazirləri Böyük Britaniya hökumətinin saytında dərc olunan bəyanatda bildiriblər.
 
G7 beynəlxalq maliyyə institutları ilə birlikdə Ukraynaya əhəmiyyətli maliyyə dəstəyi verdiyini xatırladıb. 2014-cü ildən bu günə kimi ikitərəfli və çoxtərəfli iqtisadi dəstək 48 milyard ABŞ dollarını ötüb.
 
G7-nin nazirləri Ukraynanın suverenliyini, ərazi bütövlüyünü, iqtisadi və maliyyə sabitliyini müdafiə etmək istək və qətiyyətində yekdil olduqlarını vurğulayıblar.
 
Yeni il öncə G7-yə üzv ölkələrin nazirləri Rusiyanı Ukraynaya qarşı hərbi təcavüz halında genişmiqyaslı nəticələrlə və ciddi ziyanlarla hədələmişdilər. (Qaynarinfo)