Baş Qərargah rəisi Hərbi Dəniz Qüvvələrində qəfil yoxlama keçirib, göstərişlər verib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində (HDQ) olub, qəfil yoxlama keçirib.
Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Gəmi heyətləri “Həyəcan” siqnalı ilə qaldırılaraq döyüşə hazırolma vəziyyətinə gətirilib, döyüş zamanı komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, həmçinin şəxsi heyətin döyüş və taktiki-xüsusi hazırlığı yoxlanılıb.
General-polkovnik K.Vəliyevə hərbi gəmilərin və gəmi heyətlərinin yerləşməsi, döyüş hazırlığı və vaxta xidmətinin təşkili, həmçinin digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
Baş Qərargah rəisi HDQ-nin Hidroqrafiya İdarəsi, Təlim və Tədris Mərkəzində də olub, burada xidmətin təşkili və hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.
Sonra Müdafiə Nazirliyinin müvafiq baş idarə, idarə və HDQ-nin komandanlığının iştirakı ilə kompleks yoxlamanın yekun nəticələrinə dair xidməti müşavirə keçirilib.
Görülmüş işlərin təhlilini aparan general-polkovnik K.Vəliyev döyüş gəmilərinin və gəmi heyətlərinin hazırlığını müsbət qiymətləndirib, bu nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə edildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsində HDQ-nin şəxsi heyəti Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib.
Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.
Sonda general-polkovnik K.Vəliyev HDQ-nin döyüş, mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını komandanlığa çatdırıb.