\
29 Noyabr 2024 - Cümə

İlham Əliyev və Vladimir Putin arasında təkbətək görüş olub

İlham Əliyev və Vladimir Putin arasında təkbətək görüş olub
1372baxış

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub.

Görüşdə dövlət başçıları çıxış etdilər.

Rusiya Prezidenti Vladimir Putin deyib:

-Sizi görməyə çox şadam. Sağ olun ki, təklifimi qəbul etdiniz.

Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.

Fikrimcə biz indiki həyatda hələ qarşıya çıxan problemlərə baxmayaraq, hər halda məmnun ola bilərik ki, hazırda olduğumuz səviyyəyə çatmışıq. Əlbəttə, bu barədə biz bu gün ətraflı danışacağıq. Lakin istənilən halda həm orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var.

Bilirəm ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Yeri gəlmişkən, həm Rusiya Federasiyası, həm də bilirəm, Sizin digər qonşularınız bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdırlar, ona görə ki, bunda təkcə Azərbaycan və Ermənistan maraqlı deyil, - Rusiya da, təkrar edirəm, Sizin bütün başqa qonşular da maraqlıdırlar.

Ticari-iqtisadi əlaqələrə gəldikdə, onlar durmadan inkişaf edir. Pandemiyaya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb və bu, çox yaxşı göstəricidir. Sizə təşəkkür edirik ki, Siz bizim qarşılıqlı fəaliyyətimizi dəstəkləyirsiniz. Bu baxımdan bizim çox ciddi planlarımız var. Bizim iqtisadi əlaqələrimiz yetərincə yaxşı şaxələndirilib və bu, irəliyə hərəkətin davam etməsi üçün yaxşı ilkin şərait yaradır.

Bizim üçün həssas və mənim fikrimcə Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllini, ilk növbədə, rus dilinin inkişafını dəstəklədiyinizə görə Sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.

Regional əlaqələr yetərincə səmərəli inkişaf edir.

Bir də, əlbəttə, fürsətdən, Sizin səfərinizdən istifadə edərək Sizi Ukrayna istiqamətində bizdə nələr baş verməsi barədə məlumatlandıracağam. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib.

Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.

Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.

Təəssüf ki, Ukraynada dövlət çevrilişindən sonra biz Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini və keyfiyyətini görmürük, əvvəlki səviyyə yox olub. Vurğulamaq istəyirəm, məhz dövlət çevrilişindən və bu çevrilişi edənlər tərəfindən hakimiyyətin qanunsuz ələ keçirilməsindən sonra.

İndicə, Sizinlə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət edirdim. Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir.

Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təcavüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartdıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir.

Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır.

İndi bizim hər şey barədə daha ətraflı söhbət etmək imkanımız olacaq. Mən təfərrüat barədə Sizi məlumatlandıracağam.

İstənilən halda demək istəyirəm ki, Sizi görməyə çox şadam.

Xoş gəlmisiniz.