Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilib - Fotolar
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar regionlarda tədbirlərin təşkili” adlı layihə həyata keçirir. Layihə çərçivəsində İsmayıllı, Qəbələ rayonlarında və Şirvan şəhərində tədbirlər keçirilib. Mediapress.az-ın verdiyi məlumata görə, İsmayıllı rayonunda baş tutan tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova, Rayon Gənclər İdarəsinin nümayəndələri, tarix müəllimləri və digər şəxslər iştirak edib.
Tədbirdə çıxış edən Sevil Əhmədova Xocalı soyqırımı barəsində tədbir iştirakçılarına məlumat verib. O, İsmayıllı rayonunda bu istiqamətdə həyata keçirilən işlərdən danışıb. Bildirib ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rəhbərliyi ilə ötən il yürüş təşkil olunmuş, kütləvi yürüşdə rayon ictimaiyyəti iştirak etmişdir.
Daha sonra çıxış edən “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova layihə barəsində məlumat verib. Bildirib ki, 3 ay ərzində həyata keçirilən layihənin əsas məqsədi regionlarda Xocalı soyqırımı ilə bağlı tədbir keçirməkdir. Onun sözlərinə görə, layihə çərçivəsində 600 ədəd “Xocalının Mixaylosu” kitabı çap olunub. kitab İsmayıllı rayonu ilə yanaşı Qəbələ rayonunda və Şirvan şəhərində vətəndaşlara pulsuz paylanılacaq.
Kitabda Azərbaycan Respublikasının Milli Qəhrəmanı, “Mixaylo” ləqəbli Tofiq Hüseynovun keçdiyi döyüş yoluna işıq salınır. Layihə rəhbəri bildirib ki, belə bir kitabı ərsəyə gətirməkdə məqsəd regionlarda olan vətəndaşların Xocalı soyqırımı ilə bağlı dərin biliklərə malik olması ilə yanaşı Milli Qəhrəman Tofiq Hüseynovun göstərdiyi şücaət, qəhrəmanlığı ilə bağlı dolğun məlumat əldə etməsinə köməklik göstərməkdir. Layihə çərçivəsində 650 bukletin çap olunduğunu diqqətə çatdıran Ayşən Hüseynova vurğulayıb ki. bukletdə Xocalı soyqımı barəsində ətraflı məlumat verilib. A.Hüseynova onu da bildirib ki, layihənin yekunlarında Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlar adından beynəlxalq təşkilatlara müraciət ünvanlanacaq.
Tədbirdə Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov Xocalı soyqırımı zamanı gördükləri dəhşətlərdən, ailəsinin başına gətirilən müsibətlərdən danışıb. Milli qəhrəmanın keçdiyi döyüş yoluna işıq salıb.
Tədbirdə çıxış edən “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin koordinatoru, Xocalı sakini Mürvət Məmmədov ermənilərin Xocalıda törətdikləri vandalizmdən, ailəsinin üzləşdiyi erməni vəhşiliyindən danışıb.
Daha sonra tədbir iştirakçılarına və rayon ictimayyətinə kitab və bukletlər paylanılıb.
Qəbələ rayon 1 saylı orta məktəbdə təşkil olunan tədbirdə şəhər Gənclər İdarəsinin nümayəndələri, Təhsil şöbəsinin əməkdaşı və məktəbin kollektivi iştirak edib. Tədbirdə çıxışçılar Xocalı soyqırımı və Milli Qəhrəman Tofiq Hüseynov barəsində geniş məlumat veriblər.
Layihə çərçivəsində Şirvan şəhərində keçirilən tədbir Şirvan Dövlət İqtisadiyyat və Hümanitar Kollecində baş tutub. Kollecin direktoru Fəlsəfə doktoru Barxudar Barxudarov tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı məlumat verib. Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov Xocalı soyqırımının təbliği ilə bağlı şəhərdə görülən işlərdən danışıb. Eyni zamanda faciə barəsində çıxış edən natiq ermənilərin törətdiyi bu əməlin beynəlxalq hüquq normalarına sığmadığını bildirib.
Tədbirdə çıxış edən Şirvan şəhərinin deputatı İltizam Yusifovun köməkçisi Taleh Məmmədov Xocalı soyqırımı ilə bağlı etdiyi çıxışda bu yöndə həyata keçirilən işlərə toxundu. Bildirdi ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu yöndə həyata keçirdiyi məqsədyönlü işlər sayəsində artıq bir neçə ölkənin parlamentində Xocalı soyqırımı iə bağlı hüquqi sənəd qəbul olunub.
Tədbirdə çıxış edən “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova layihə barəsində tədbir iştirakçılarına geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Xocalı soyqırımım tanıdılması istiqamətində həyata keçirilən layihələrə hər zaman dəstək verir. Bu istiqamət Agentliyin prioritet sahələrindən biridir. A.Hüseynova layihə barəsində tədbir iştirakçılarına geniş məlumat verdi.
Daha sonra Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov, Keçmiş Dağlıq Qarabağın Azərbaycanlı icmasının nümayəndəsi Hüseynova Samirə Bakir qızı və digərləri çıxış etdi. Tədbir sonunda layihə çərçivəsində çap olunmuş “Xocalının Mixaylosu” kitabı və bukletlər paylanıldı.