\
29 Noyabr 2024 - Cümə

Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edib

Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edib
1376baxış

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.


Dövlət başçısının vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq martın 2-də ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunda Füzuli, Beyləqan və Xocavənd rayonlarında yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.


Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.


Qəbul zamanı nazir Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində azad edilmiş torpaqlarımızın sürətlə bərpasının soydaşlarımızın tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlarına təminat verdiyini vurğulayıb, həmin rayonlardan olan vətəndaşların qayğıları ilə maraqlanıb.


Eyni zamanda hər bir vətəndaş diqqətlə dinlənilib və ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digər müraciətlər araşdırılması üçün nəzarətə götürülüb, qəbulda iştirak edən nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.


Vətən müharibəsində 30 illik həsrətə son qoyularaq doğma torpaqlarına qovuşmaları ilə bağlı sevinclərini bölüşən sakinlər onların qayğılarına daim diqqət və həssaslıqla yanaşılmasına, yerlərdə qəbulların keçirilməsinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.


Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmələrin işi ilə tanış olub, ədliyyə işçiləri və hakimlər ilə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən danışıb, qarşıda duran vəzifələri qeyd edib, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verib.