Şuşada yol qəzasında həlak olan əsgər Bakıda dəfn olunacaq
Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil verilib. Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımovun vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da sonradan ailəsinin qərarı dəyişib. Onun yaxınları Bakı şəhərində yaşadıqları üçün vida və dəfn mərasimlərinin paytaxtda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var. (Report)
Xatırladaq ki, hadisə ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.