\
29 Noyabr 2024 - Cümə

Elmira Axundova bəyanat yaydı

Elmira Axundova bəyanat yaydı
1467baxış

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı bəyanat yayıb.

Səfir göndərdiyi açıqlamada bildirir ki, hazırda Bakıdadır. O, səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə bu gecə Bakıya gəlib. Səfir qeyd edib ki, həmin şəxsləri təxliyə etmək çox çətinliklə baş tutub. 

Elmira Axundova eyni zamanda səhhəti ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Müəyyən müxalif dairələrin yenidən mənə qarşı ləyaqətsiz kampaniyaya başlaması son dərəcə xoşagəlməz haldır. Bu dəfə məni Ukrayna hadisələri ilə bağlı fəaliyyətsizlikdə və susmaqda ittiham edirlər. Ona görə mən bunu bəyan etmək istəyirəm: iki ay əvvəl keçirdiyim onurğa əməliyyatı ilə bağlı müəyyən problemlərə baxmayaraq, mən eyni fədakarlıq və məsuliyyətlə Kiyevdə fəaliyyətimi davam etdirdim.

Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 yaşa qədər uşaqlar) var idi. Biz, hər blokpostda dayanaraq Moldova sərhədinə qədər uzun və ağır yol qət etdik".