Qubada piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə bəraət verilib
Quba rayonunda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Mahir Yadigarova hökm oxunub və ona bəraət verilib.
Bu barədə hökm Quba Rayon Məhkəməsində elan olunub.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib.
Qeyd edək ki, hadisə 2020-ci il iyulun 7-də Quba-Xaçmaz yolunun rayonun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1985-ci il təvəllüdlü M.Yadigarovun idarə etdiyi “KİA” markalı avtomobil yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Ağarzayev Şakir Cərulla oğlunu vuraraq öldürüb.
İstintaq orqanı M.Yadigarovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.