AzTU-da Novruz bayramına həsr olunan tədbir keçirilib - FOTOLAR
Azərbaycan Texniki Universitetində (AzTU) Novruz baramına həsr olunan “Novruz-elin əziz bayramı” adlı tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, universitetin prorektorları, müəllim və tələbələri iştirak edib. Əvvəlcə universitetin foyesində fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib.
Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev Torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. Rektor deyib ki, bu bayram bizim tarixi keçmişimizə sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Xalqımız bayramın gəlişinə bir ay əvvəldən hazırlaşır. Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunur.
Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirən tələbələr fəxri fərmanla təltif olunub.
Dədə Qorqudun xeyir-duası, Bahar qızın bayram təbriki tədbirə xüsusi rəng qatıb.
Novruzun personajları keçəl və kosanın məzəli əhvalatları da alqışlarla qarşılanıb. Bayram tədbirində Əməkdar artist Ruzə İbişova və VII muğam müsabiqəsinin qalibi Rəvan Qaçayevin ifasında bəstəkar və xalq mahnıları səsləndirilib.
İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri Kənan Alquliyev və İsmayıl Xəlilov, Xüsusi texnika və texnologiya fakültəsinin tələbəsi Rəqsanə Bağırlı, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Əli Əliyev, Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi Murad Kərimli və AzTU-nun bədii özfəaliyyət kollektivinin rəhbəri Rasim Səfərin ifaları, həmçinin universitetin tələbələrindən ibarət rəqs qrupunun təqdim etdiyi rəqslər alqışlarla qarşılanıb.
Bayram tədbiri AzTU və Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xalq çalğı alətləri ansanblının ifaları ilə davam edib.