Ağsuda 5 il əvvəl itkin düşən qadının öldürülərək Kürdəmirdə basdırıldığı məlum olub
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) səmərəli birgə fəaliyyəti nəticəsində Ağsuda beş il əvvəl törədilərək bağlı qalmış cinayətin üstü açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Ağsu şəhər sakini, 1999-cu il təvəllüdlü Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci il tarixdə itkin düşməsi faktına görə Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 20 dekabr 2019-cu il tarixdə dayandırılıb.
7 mart 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilib.
İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranan mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlədib, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb.
16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.
17 mart 2022-ci il tarixdə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən o, törətdiyi əməli etiraf edib.
Prokurorluq orqanları tərəfindən ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.