\
29 Noyabr 2024 - Cümə

İsmayıllıya 1 metr qar yağdı, Lahıcda qar uçqunu oldu

İsmayıllıya 1 metr qar yağdı, Lahıcda qar uçqunu oldu
1377baxış

Ötən bir həftə ərzində İsmayıllı rayonuna yağan güclü qar kəndlərə gedən yolların bağlanmasına səbəb olub. Rayonun yüksək dağlıq ərazisində yerləşən kəndlərdə qarın hündürlüyü 1 metrə çatıb.

Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah Güyüm kəndlərində qar səbəbindən yollar görünmür, əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb, yalnız yük maşınları ilə hərəkət etmək mümkündür.

Hazırda kənd yollarında qalın qar örtüyü olduğuna görə, yerli sakinlər bir neçə gündür ki, nəqliyyat vasitələrini küçəyə çıxara bilmir, qarın əriməsini gözləyirlər. Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə evin, tövlənin və yardımçı tikilinin dam örtüyü qarın təsirindən çöküb.

Bundan əlavə İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub. (APA)