Binəqədidə Novruz bayramına və Şuşa ilinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
1432
18 mart 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi”, sosial xidmət müəssisəsi, “İrəvan” Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, birliyi, mehribanlığı, barışığı və səmimiyyəti özündə əks etdirən “Novruz bayramı” münasibətilə 2 hissədən ibarət ümumrayon tədbiri keçirilib.
Tədbirin birinci hissəsində Zərifə Əliyeva adına istirahət parkında təşkil olunmuş bayram şənliyində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, müavinlər və aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və aparatın əməkdaşları, millət vəkilləri - Madər Musayev, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Musiqiçilər qonaqları gözəl el havası ilə salamladıqdan sonra, el ağsaqqalı Dədə Qorqud Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin birgə iştirakı ilə bayram tonqalını qalayaraq, Novruzun gəlişi münasibətilə xalqımıza xeyir-dua verib: “Ötən il böyük əməllərlə yadda qaldı. Urvatlı olsun! Əlincəqala yenidən bənd-bərəsini möhkəmlətdi. Düşərli olsun! Onunla bərabər igidlərin də qoluna qüvvət gəldi. Təpərli olsun! El ağsaqqalı Dədə Qorqud deyir ki, heç nə səbəbsiz yaranmır. Bütün bunları yaradanlar var. Ömürləri uzun olsun! Bu əziz gündə diləyimiz budur: xalq üçün yaşayanlara, xalq üçün yaradanlara alqış olsun!”
Daha sonra tədbirdə “Novruz bayramı”nın əsas personajları olan Bahar qız qonaqları duz-çörəklə salamlayıb, Kosa və Keçəl ictimaiyyəti bayram münasibətilə təbrik etdərək öz Şuşa səfərlərindən bəhs ediblər.
Rayon rəhbərliyi və qonaqlar Novruzun özünəməxsus xüsusiyyətlərini və milli adət-ənənələrimizi özündə əks edirən eksponatlarla, xüsusilə “Şuşa ili” ilə əlaqədar hazırlanan nümunələrlə tanış olublar.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı əziz bayram günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və həmin ərazilərdə böyük çoşgu ilə Novruz bayramını qeyd etdiyimizi, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimayyətini “Novruz bayramı” və “Şuşa ili” münasibətilə təbrik edib, hər kəsə xoş bayram ovqatı arzulayıb.
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri maraqla qarşılanıb.
Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlar təşkil olunan bayram şənliyinə xüsusi çalar qatıb. Burada körpə və şagirdlərdən ibarət özfəaliyyət kollektivlərinin, nağaraçalanlar ansanblının çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutub, idmançılar məharətlərini göstəriblər.
Şənlikdə, həmçinin ictimai-iaşə xidməti göstərilib, yerli müəssisələrin istehsal etdikləri məhsulların və müxtəlif sənətkarların əl işlərindən ibarət sərgilər təşkil edilib. Binəqədi rayonunda fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlər, kommersiya şirkətləri, istehsal və xidmət müəssisələri üçün pavilyonlar qurulub. Burada hazırlanan müxtəlif növ milli yeməklər, bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunub.
Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı ilə davam etdirilib.
Tədbirin aparıcısı tarixi-mədəniyyət abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğ edilməsinə, ölkəmizdə və eyni zamanda xarici ölkələrdə Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ edən festivalların, mahnı müsabiqələrinin təşkilinə xüsusi önəm verən UNESCO və İSESCO - nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində xalqımızın milli bayramı olan “Novruz bayramı”nın UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini xüsusilə vurğulayıb.
Tədbirdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Böyük Qələbəmiz və “Şuşa il” ilə əlaqədar səsləndirilən fikirlər, ifa edilən mahnılar doğma yurdumuza, Qarabağımıza həsr olunub.
Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.
Novruz bayramınız mübarək! Hər birinizə bahar əhval-ruhiyyəsi, süfrələrinizə bol ruzi-bərəkət və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!