Masallı və Cəlilabadda su basmış ərazilərindən daha 25 nəfər xilas edilib.
Bu barədə Mediapress.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib.
Belə ki, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və Cəlilabad rayonunun Kövüzbulaq kəndində qarlı-şaxtalı havada köməksiz vəziyyətdə qalmış 5 avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.