Prezident Administrasiyasının Çağrı Mərkəzi istifadəyə verildi
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin Çağrı Mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib.
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb.
Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır.
Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.
Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.
Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait vardır.
Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud "president.az" rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə bilərlər. Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.