Bu gün Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq
Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq.
Görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilir.
Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Ermənistanın Baş naziri ilə Brüssel görüşünün məhsuldar keçəcəyinə ümid etdiyini vurğulamışdı.
Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.