\
25 Sentyabr 2024 - Çərşənbə

Sadır Japarovun Bakıda rəsmi qarşılanma mərasimi olub

Sadır Japarovun Bakıda rəsmi qarşılanma mərasimi olub
1368baxış

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğız Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verdi.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.