Vəkil olduğu deyilən qadının döyülməsi xəbəri haqda - Rəsmi açıqlama
Sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsinə dair məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatda Vəkillər Kollegiyasının üzvü kimi təqdim olunan Hüseynbəyli Ülkər Hüseyn qızının Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyüldüyü iddia edilib.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasına sorğu ünvanladıq. Kollegiyadan cavab olaraq bildirildi ki, yayılan məlumatda adıçəkilən Ülkər Hüseynbəyli adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil: “Kollegiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər”.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə saytımıza bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub: “Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır”.