İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb, araşdırma aparılır
İran sərhədçilərinin sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürməsi faktı ilə bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib.
İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.
Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub:
“Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib”.