Əsgərlikdə ola-ola Bakıda “avtoşluq” etdi - Video
Bakıda hərbi xidmətdə olan iş adamının oğlu “avtoşluq” edib görüntülərini sosial şəbəkələrdə paylaşıb.
Mediapress.az xəbər verir ki, video “avtosfer.az” saytında yayımlanıb. Araşdırmalar zamanı əməlləri törədən şəxsin Məlikov Əziz Soltanpaşa oğlu olduğu müəyyən edilib. Məlum olub ki, həmin şəxs hərbi xidmətdə ola-ola bu əməlləri törədib. Daha sonra avtoxuliqanlıq əməlini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Əziz Məlikovun tanınmış iş adamının oğlu olduğu bildirilir.
Dövlət Yol Polisinin araşdırmaları zamanı məlum olub ki, aprelin 26-da gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. Ə.Məlikov hərbi xidmətdə olduğu üçün iş Bakı Hərbi Məhkəməsin göndərilib.