“Cihaz” İstehsalat Birliyində AzTU-nun tədris mərkəzi fəaliyyətə başladı - FOTOLAR
Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyində Azərbaycan Texniki Universitetinin (AzTU) tədris mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə AzTU-nun rektoru Vilayət Vəliyev, İB-nin direktoru Fəlah Quliyev və hər iki tərəfdən nümayəndələr iştirak edib. Mərkəzin açılmasında əsas məqsəd bakalavriat, magistratura və doktorantura tələbələrinə sənayenin problemləri ilə daha yaxından tanış olmaq, tədris prosesi və tədqiqatları bilavasitə istehsalat şəraitində yerinə yetirmək imkanı yaratmaqdan ibarətdir. Tələbələrin praktik dərslərinin əsasən mərkəzdə təşkil olunması da planlaşdırılıb. Tədris mərkəzində AzTU-nun Xüsusi təyinatlı materiallar və vasitələr kafedrası fəaliyyət göstərəcək. Mərkəz tələbələr üçün auditoriya, müəllimlər otağı və yeməkxana ilə də təchiz olunub.
Mərkəzlə tanışlıqdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev və “Cihaz” İstehsalat Birliyinin direktoru Fəlah Quliyev arasında görüş keçirilib. Rektor AzTU-da müdafiə sənayesi sahəsi üzrə görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, müəssisədə AzTU-nun tədris mərkəzinin açılması tələbələrin perspektiv inkişafı istiqamətində uğurlu olacaq. Rektor mərkəzdə birgə elmi-tədqiqat işlərinin aparılması üçün də mühüm imkanların olduğunu qeyd edib. Mövcud problemlərdən də danışan Vilayət Vəliyev tədris materiallarının keyfiyyətinin yüksəldilməsinə ciddi ehtiyacın olmasını xüsusi qeyd edib və bu istiqamətdə yeni innovativ yanaşmaların zəruriliyini bildirib.
“Cihaz” İB-nin direktoru Fəlah Quliyev AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. Qeyd edib ki, son illər AzTU-da müdafiə sənayesi sahəsi üzrə hazırlanan kadrların səviyyəsi əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Fəlah Quliyev görüş zamanı qeyd olunan mövcud problemlərin həlli üçün elmi-tədqiqatlara üstünlük verilməsini və müştərək komissiyanın yaradılmasını təklif edib.
Görüşdən sonra tərəflər arasında elmi-texniki əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən, tərəflər birgə layihələrin hazırlanması, elmi-tədqiqat işlərinin aparılması, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması istiqamətində əməkdaşlıq edəcək.