Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı işə başlayır
Bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü İllik Toplantısı işə başlayır.
Tədbir maliyyə naziri, Bankın Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifovun sədrliyi ilə keçiriləcək.
İllik Toplantıda QDTİB-yə üzv dövlətlər - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edəcək. Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.
Tədbirin ikinci günü - sabah isə İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan hökuməti, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək. Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanlarını diqqət mərkəzində saxlayacaq.