Bakıdakı “Qrand” hotelin fəaliyyəti məhdudlaşdırıldı - Foto+Video
Bakıda "Qrand" hotelin fəaliyyəti məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 11/33 ünvanında yerləşən mehmanxanada yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- mətbəx sahəsində daxili qaz boruları yivli birləşmələrlə istismar olunur və mətbəxdə qaz sızmasının xəbərdar edilməsi üçün avtomatik xəbərverici qurğu quraşdırılmayıb;
- obyektin ərazisində qeyri-standart qaz su qızdırıcısından istifadə olunur;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- elektrik paylayıcı lövhəsinin, qazanxana və mətbəx sahələrinin elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- mətbəx sahəsinin tüstü bacası yağ qalıqlarından təmizlənməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;
- obyektin çardaq sahəsinin, dəhlizin və qonaq otaqlarının üzləndiyi taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, “Qrand” mehmanxanasında işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.