\
17 Avqust 2022 - Çərşənbə

Prezident İlham Əliyev TBMM sədrini qəbul edib

Prezident İlham Əliyev TBMM sədrini qəbul edib
1303baxış

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu qəbul edib.

Görüşdə Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Türkiyə parlamentinin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb, Azərbaycanın Hərəkata sədrliyi müvəffəqiyyətlə həyata keçirdiyini bildirib.

Mustafa Şentop Azərbaycan ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Türk Dövlətləri Təşkilatı, TÜRKPA çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edən Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı ilə əlaqədar bir müddət əvvəl Azərbaycanda səfərdə olduğunu məmnunluqla xatırladıb.

Söhbət zamanı 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilərkən Türkiyənin ölkəmizin xüsusi dəvəti ilə tədbirdə iştirakının əhəmiyyəti vurğulanıb.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinin daha da inkişaf etdirilməsinə, onun təsisatlanmasına mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.

Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında Azərbaycana göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.