Tokayevdən Rusiyaya cavab: Azərbaycandan keçsin!
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev milli neft-qaz şirkətinə Rusiyadan yan keçməklə neft satışını təşkil etməyi tapşırıb.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin saytında məlumat verilib.
Bildirilib ki, Tokayev neft tədarükünün şaxələndirilməsini vacib sayıb:
“Prioritet istiqamət “Transxəzər” marşrutudur. Mən “KazMunayQaz”a (milli neft-qaz şirkəti - red) onun həyata keçirilməsi üçün ən yaxşı variantı işləyib hazırlamağı tapşırıram. “Tengiz” layihəsinə investorların cəlb edilməsi imkanları var. Hökumət Samruk-Kazyna ilə birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməlidir”.
Qeyd edək ki, “Transxəzər” beynəlxalq nəqliyyat marşrutu neft və digər malların Rusiyadan yan keçərək satışına imkan verir. Çindən başlayır, Qazaxıstandan sonra Xəzər dənizindən keçərək Azərbaycan, Gürcüstan və Türkiyəyə gedir.
Xatırladaq ki, Rusiya “ekoloji qaydaların pozulması” səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir ay dayandırıb. Qazaxıstanın ixrac neftinin böyük hissəsi - üçdə ikisindən çoxu məhz bu konsorsiumun Novorossiysk limanındakı terminalı vasitəsilə dünya bazarına çıxarılır.