\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çətin qrupda yer almışıq"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çətin qrupda yer almışıq"
1491baxış

"Çətin qrupda yer almışıq. Buradan cəmi bir komanda elit-raunda yüksələcək. Növbəti mərhələdə oynamaq istəyirik".

Mediapress.az-ın məlumatına görə, "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsin püşkünü dəyərləndirərkən deyib.

54 yaşlı mütəxəssis yer aldıqları qrupda hələlik bir rəqiblərinin dəqiqləşdiyini xatırladıb: "Digər ikisinin kimliyinə ilkin mərhələnin oyunlarından sonra aydınlıq gətiriləcək. İlkin mərhələnin D qrupuna diqqət yetirdikdə, Serbiya çempionunun rəqibimiz olmaq ehtimalını yüksək qiymətləndirirəm. F qrupuna gəldikdə, üstünlüyü Gürcüstan çempionuna verirəm. Bosniya və Herseqovina “Mostar”ı isə doğma meydanda oynayacaq. Onları yaxşı tanıyıram, bir neçə dəfə rəqib olmuşuq. Oyun çətin keçəcək. Onların da oturuşmuş, təcrübəli heyəti var və bir neçə ildir öz ölkəsinin çempionu olublar".

Braziliyalı baş məşqçi oyunlara hazırlaşmaq üçün vaxtlarının olduğunu söyləyib: "Çalışacağıq ki, yaxşı hazırlı keçək və oyunlara tam hazır olaq. Rəqiblərimizi analiz edəcəyik. Serbiya və Gürcüstan təmsilçisi haqqında ətraflı məlumatım yoxdur. Həm də onlar favorit olsalar da, biz ilkin mərhələnin yekununu gözləməliyik. Yenə deyirəm, vacib olan bizim hazırlığımızdır. Buna da maksimum dərəcədə nail olmağa çalışacağıq. Heyətimizi gücləndirmək istiqamətində işlər görülür. Məşqlər başlayanadək bu proses başa çatacaq. Təəssüf ki, bu mərhələnin oyunlarında Felipinyo bizə kömək edə bilməyəcək”.

Qeyd edək ki, "Araz-Naxçıvan" B yolunun 5-ci qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək. Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

İlkin mərhələnin D qrupunda "Minerva" (İsveçrə), "Loznika Qrad" (Serbiya), "Vesteralen Futzal" (Norveç), "Folqare" (San Marino), F qrupunda isə "Georgians" (Gürcüstan), "Ştutqart" (Almaniya), "Orebro" (İsveç), "İstanbul Şişli" (Türkiyə) komandaları yer alıb.