\
27 Noyabr 2024 - Çərşənbə

Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib, Samir Nuriyev sədr seçilib

Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib, Samir Nuriyev sədr seçilib
1493baxış

İyulun 7-də Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə birinci iclası keçirilib.

Mediapress.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılmasının, demokratik, hüquqi və ədalət prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət qulluğunun müasir tələblərə uyğun təşkilində və yüksəkixtisaslı, peşəkar milli kadrların hazırlanmasında Ulu Öndərin zəngin idarəçilik təcrübəsi başlıca rol oynayıb. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə dövlət qulluğu sahəsində münasibətlərin, bu sferada çalışan şəxslərin hüquqi vəziyyəti ilə bağlı məsələlərin tənzimlənməsində mühüm addım olub.

Bildirilib ki, dövlət idarəçiliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və müasir çağırışlara cavab verən standartların tətbiqi, milli kadr potensialının inkişaf etdirilməsi, dövlət qulluğunda keyfiyyətin və səmərəliliyin yüksəldilməsinə xidmət edən məqsədyönlü kadr islahatlarının reallaşdırılması məsələləri Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti dövlət qulluğunda yüksək peşəkarlığa, fərdi bacarığa, təşəbbüskarlığa xüsusi önəm verərək, mənəvi-əxlaqi dəyərlərə, etik davranış qaydalarına riayət olunmasını, dövlət orqanlarının (qurumlarının), dövlət qulluqçularının fəaliyyətinə, qəbul olunmuş qərarların tam və düzgün icrasına ciddi nəzarət edilməsini əsas vəzifə kimi müəyyənləşdirib.

İclasda Şura sədrinin seçilməsi, Şuranın fəaliyyətinin təşkili, dövlət qulluğu sahəsində cari vəziyyət ilə bağlı məruzələr, o cümlədən Dövlət İmtahan Mərkəzinin hesabatı dinlənilib, həmçinin dövlət qulluğunda kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Keçirilmiş səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Şuranın sədri seçilib. Bundan başqa, Dövlət Qulluğunu İdarəetmə Şurası Katibliyinin funksiyaları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinə həvalə olunub və Şuranın Katibliyinin fəaliyyət istiqamətləri təsdiq edilib.

İclasın sonunda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzərinə qoyulan yeni mühüm vəzifələrin layiqincə həyata keçirilməsi üçün dövlət orqanları (qurumları) ilə daha çevik və səmərəli əlaqələndirmənin zəruriliyini qeyd edib və Şuranın gələcək fəaliyyətində uğurlar arzulayıb.