İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib.
"Mediaress.az" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Xoş gəlmisiniz, xanım Prezident. Sizi görməyimə çox şadam. Səfərinizə görə minnətdaram. Səfəriniz həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Çox şadıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bizim siyasi münasibətlərin inkişafı baxımından, sözün əsl mənasında, çox yaxşı nailiyyətlərimiz var. Çox fəal siyasi təmaslar mövcuddur. Bilirsiniz ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq hər zaman gündəliyimizdə üstün yer tutub. Bu gün xüsusən də belədir. Hesab edirəm ki, çox yaxşı nəticələrimiz, nailiyyətlərimiz var. Bu ilin əvvəlində, xanım komissarın səfərindən sonra, biz enerji dialoqunu başlamışıq. Fikrimcə, bu, həmçinin qarşılıqlı marağın çox yaxşı əlamətidir.
Enerji təhlükəsizliyinə aid məsələlər birmənalı olaraq bu gün qlobal gündəlikdə ən üstün məsələlərdən biridir. Lakin bundan başqa, biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə aid hazırda müzakirə etdiyimiz məsələlər potensial əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Əminəm ki, səfəriniz zamanı biz bu və digər məsələləri müzakirə edəcəyik. Həmçinin bizi bu gün çox mühüm mərasim gözləyir və o, enerji sahəsində yeni geniş əməkdaşlığın başlanmasından xəbər verəcək.
Xoş gəlmisiniz. Sizə uğurlu səfər arzulayıram.