\
27 Noyabr 2024 - Çərşənbə

Allahşükür Paşazadə Gürcüstanda xüsusi ordenlə təltif ediləcək

Allahşükür Paşazadə Gürcüstanda xüsusi ordenlə təltif ediləcək
1458baxış

Gürcüstan Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə üçün xüsusi medal hazırlayıb.

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Pravoslav Kilsəsinin yepiskopu Mitropolit Şio QMİ sədri və Gürcüstan Patriarxı II İlya arasında keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, A.Paşazadə özəl medala Gürcüstan-Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin inkişafına verdiyi böyük töhfələrə görə layiq görülüb.

Baş keşiş qeyd edib ki, medal QMİ sədrinə sabah II İlyanın iqamətgahında təntənəli mərasimdə təqdim ediləcək.

Mitropolit Şio həmçinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) Gürcüstan Patriarxlığına göstərdiyi böyük dəstəyə görə təşəkkür bildirib.

Görüşdə iştirak edən Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze deyib ki, II İlya və Şeyxülislam A.Paşazadə arasında yaxın dostluq əlaqələri Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində xüsusi rol oynayır: “Əminəm ki, iki dövlət arasında dini əlaqələr bundan sonra da inkişaf edib möhkəmlənəcək və dünyaya örnək olmaqda davam edəcək”.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev öz növbəsində ali dini liderlərin görüşünün iki dövlət və xalq arasında sıx və yaxın münasibətlərin göstəricisi olduğunu bildirib. O qeyd edib ki, hər iki dini lider Azərbaycanla Gürcüstan arasında qarşılıqlı münasibətlərin inkişafına birgə böyük töhfələr veriblər.

Şeyxülislam A.Paşazadə səmimi qəbula görə II İlyaya və Patriarxlıq nümayəndələrinə təşəkkür bildirib. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Görüşdən sonra QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyəti Tbilisinin “Qəhrəmanlar meydanı”nda Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil qoyub.