Hərbi Prokurorluq: "Silahlı Qüvvələrin şəxsi heyətində itkilərin sayı əhəmiyyətli dərəcədə azalıb"
2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalıb.
Mediapress.az-ın xəbərinə görə, bu barədə Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarısına dair kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib.
O qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə şəxsi heyətin itkilərinin sayı da ümumilikdə əhəmiyyətli dərəcədə azalıb. Vurğulanıb ki, sözügedən dövrdə fərarilik və qəsdən sağlamlığa ağır zərərvurma cinayətləri törədilməyib.
Kollegiya iclasında bildirilib ki, ötən dövrlərdə olduğu kimi, 2022-ci ilin birinci yarısında da ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib:
"Bu qəbildən olan cinayətlərin aşkarlanması və qarşısının alınması istiqamətində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır".