\
27 Noyabr 2024 - Çərşənbə

Polşa Almaniyanı Ukrayna ilə bağlı vədi pozmaqda ittiham edib

Polşa Almaniyanı Ukrayna ilə bağlı vədi pozmaqda ittiham edib
1478baxış

Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski Vel Senk Almaniya hökumətini “dairəvi mübadilə” çərçivəsində Ukraynaya göndərdiyi “T-72” tanklarının müqabilində Polşa ordusuna verməli olduğu tanklarla bağlı vədini pozmaqda ittiham edib.

Mediapress.az” xəbər verir ki, o, bu barədə Almaniyanın “Der Spiegel” qəzetinə müsahibəsində bildirib.

“Almaniyanın “dairəvi mübadilə” ilə bağlı vədləri aldadıcı manevr çıxdı”, - Şinkovski Vel Senk deyib.

Xatırladaq ki, Polşa tərəfi Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən az sonra Kiyevə 200-dən çox “T-72” tankı verib. Rəsmi Varşava Almaniyanın vədinə əməl edəcəyinə və Polşa ordusunun ehtiyatlarını dolduracağına ümid bağlayırdı.

Eyni zamanda, “Der Spiegel” Polşa ilə sövdələşmənin, yəqin ki, artıq iflasa uğradığını yazıb.

Polşa XİN rəhbərinin müavini qeyd edib ki, Almaniya əvvəlcə polyaklara Polşanın Ukraynaya verdiyi tanklardan daha köhnə olan tankları təklif edirdi.

“Bu təklif isə qəbul oluna bilməz, çünki biz silahlı qüvvələrimizin durumunun pisləşməsində və əsgərlərimizin 1960-cı illərin texnikası ilə təlim keçməsində maraqlı deyilik”, - o vurğulayıb.