\
27 Noyabr 2024 - Çərşənbə

Yeni kənd qonaq evlərinə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilir

Yeni kənd qonaq evlərinə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilir
1474baxış

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi çərçivəsində turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd qonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır.

Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

KOBİA-dan "Report"a bildirilib ki, kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan layihənin yeni mərhələsində həmin rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.

Bunun üçün ilk növbədə uyğun namizədlərin seçimi aparılıb və onlar turizm-xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün təlimlərə cəlb olunub. Turizm obyekti kimi istifadə olunacaq ərazidə də təmir işləri aparılıb.

Son mərhələ olaraq bu günlərdə həmin namizədlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının aqroturizm zərfi üzrə qonaq evi üçün lazım olan avadanlıqların (divan, kreslo, stol-stul və yataq dəstləri, mebel avadanlıqları, soyuducu, kondisioner, mətbəx ləvazimatları, televizor və s.) verilməsinə başlanıb.

Qeyd edək ki, layihənin ilk mərhələsi olaraq ötən il İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq avadanlıqlarla təchiz olunub. 15 ailə üzrə 40 nəfərə yaxın qadın və gəncin məşğulluğu təmin edilib. Həmçinin 300-ə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb.