\
27 Noyabr 2024 - Çərşənbə

AMEA arxiv materialların və əlyazmaların əməkdaşları tərəfindən aparılmasına münasibət bildirib

AMEA arxiv materialların və əlyazmaların əməkdaşları tərəfindən aparılmasına münasibət bildirib
1327baxış

“Bu gün bəzi xəbər saytlarında yayılan “AMEA-nın arxivi talanır” başlıqlı yazıda AMEA əməkdaşlarının fürsətdən istifadə edib nadir arxiv materiallarını, əlyazmaları və nadir çap nüsxələrini talaması və öz mənzillərinə daşıması ilə bağlı məlumat həqiqəti əks etdirmir, ağ yalandır”.

Bu barədə Mediapress.az”a Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib.

“AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının tarixi, ədəbiyyatı, qədim mədəniyyəti bağlı qədim əlyazmalar, milli keçmişimizi özündə yaşadan unikal tarixi-arxeoqrafik sənədlər, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivi, əski çap kitabları və nadir mətbuat nümunələri xüsusi həssaslıqla qorunur. Son illərdə institutun fondlarında mühafizə olunan materialların, qədim əlyazmaların oxucu ilə təmasını minimuma endirmək üçün əlyazma abidələrinin elektronlaşdırılması işi yüksək səviyyədə təşkil olunub. Fondlarda mühafizə olunan materialların yarıdan çoxu artıq elektronlaşdırılıb və oxuculara elektron qaydada təqdim olunur. Yalnız institut rəhbərliyinin icazəsi və bu işə cavabdeh olan əməkdaşların birbaşa nəzarəti altında əlyazma abidələri və arxiv sənədləri istifadə üçün oxuculara institutun oxu zalında təqdim oluna bilir. İstifadə prosesi isə nəzarət altında həyata keçirilir.

İldə iki dəfə institutun fondlarında mühafizə olunan bütün materiallar, arxiv sənədləri və nadir çap nüsxələri invertarizasiya olunaraq bir-bir tutuşdurulduqdan sonra fond saxlancları dizenfeksiya edilir.

Hazırda da Əlyazmalar İnstitutunun saxlanclarında qorunan bütün materiallar dizenfeksiya edilərək qapadılmışdır. Əlyazmalar İnstitutunun saxlanclarından heç bir sənəd və ya əlyazma nüsxəsinin, əski çap kitabının və nadir mətbuat nümunələrinin çıxarılması qeyri-mümkündür. Çünki materiallar xüsusi qaydada mühafizə altında qorunmaqdadır və mühafizə polisi qorunmanı dünya standartlarına cavab verən şəkildə həyata keçirir”, - akademiyadan məlumat verilib.

Hüseyn Cavidin Ev Muzeyindən də “Report”a verilən məlumata görə, bəzi xəbər saytlarında AMEA arxivlərindəki əsli materialların, o cümlədən görkəmli şəxsiyyətlərə aid əlyazmaların, fotoşəkillərin, eksponatların bəzi şəxslər tərəfindən gizli şəkildə AMEA-dan çıxarılması, mənimsənilməsi, mənzillərə daşınması ilə bağlı əsassız iddialar səsləndirilib.

“Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış, 20-ildən artıq müddətdə AMEA-nın tabeliyində olmuş, ədəbi-bədii, tarixi eksponatların qorunduğu müəssisələrdən biri də görkəmli Azərbaycan şairi Hüseyn Cavidin ev-muzeyidir.

Bu günlərdə Prezident İlham Əliyevin məlum fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyinə verilmiş Hüseyn Cavidin ev-muzeyində Cavidlər ailəsinin həyat və yaradıcılığı ilə bağlı 11000 eksponat göz bəbəyi kimi, xüsusi qaydada qorunur, tədqiqatçılara və ziyarətçilərə yalnız muzey əməkdaşlarının nəzarəti altında təqdim olunur.

Muzeyin otaqlarına, o cümlədən ekspozisiya-sərgi məkanına, arxivinə 24/7 rejimində videokameralar vasitəsilə nəzarət olunur, avtomatik çəkiliş aparılaraq yaddaşda saxlanılır, həmin görüntülər gündəlik təftiş edilir. Bütün arxiv-muzey qaydaları çərçivəsində pasportlaşdırılmış və qeydiyyata alınmış eksponatların hansısa formada muzeydən çıxarılmasına yol verilmir, bina Daxili İşlər Nazirliyinin Mühafizə xidmətinin əməkdaşları tərəfindən xüsusi şəkildə qorunur.

Muzey Hüseyn Cavid irsini, onun həyat və yaradıcılığı ilə bağlı materialları uzun illərdir ki məsuliyyətlə mühafizə edir, bundan sonra da bu şərəfli işi davam etdirəcəkdir. Cavidsevərlərin bundan qətiyyən şübhəsi olmasın!”.