Ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Balakən, Bərdə və Ucar rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Balakən rayonunun Roçəhməd və Qazma kəndində, Bərdə rayonunun Otuzikilər kəndində, Ucar rayonunun Qarabörk kəndində meşə fonduna daxil olmayan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 35min manat ziyan dəyib.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.