İslamiadanın keçiriləcəyi stadionla bağlı qeyri-müəyyən vəziyyət yaranıb
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları ərəfəsində Konya Böyükşəhər Bələdiyyə stadionu ilə əlaqədar qeyri-müəyyən vəziyyət yaranıb.
Mediapress.az-ın məlumatına görə, bu, arenada həm Oyunların açılış və bağlanış mərasimlərinin, həm İslamiadada futbol üzrə final görüşünün, həm də "Konyaspor"un Superliqa və UEFA Konfrans Liqasındakı ev matçlarının nəzərdə tutulması ilə əlaqədardır.
İslamiadanın açılışı avqustun 9-da, bağlanışı avqustun 18-də, final görüşü avqustun 16-da olacaq.
"Konyaspor" isə Oyunlar müddətində əvvəlcə Lixtenşteyn "Vaduts"unu III təsnifat mərhələsinin cavab qarşılaşmasında sınağa çəkəcək. Matç avqustun 11-də olacaq. Avqustun 15-də Superliqada II turun "Başakşehir"lə ev oyunu da bu stadionda keçiriləcək. Üstəlik, "Vaduts" səddini keçəcəyi halda, "Konyaspor" "Neftçi"nin Avstriyanın "Rapid" (Vyana) komandası ilə III təsnifat mərhələsində keçirəcəyi qarşılaşmaların qalibi ilə "pley-off"da üz-üzə gələcək. Bu oyun isə 18 avqusta - İslamiadanın bağlanış mərasimi gününə təsadüf edəcək.
Qeyd edək ki, hələlik təşkilatçılar mövcud vəziyyətdən çıxış yolunu açıqlamayıblar.