Macarıstanda yaşayan azərbaycanlı: "Bu dəfə tamam fərqli Şuşa gördüm"
"Bir il əvvəl də burada olmuşdum, Diaspor Gənclərinin ll Düşərgəsində iştirak etmişdim. Bu dəfə isə tamam fərqli Şuşa gördüm".
Bu fikirləri Mediapress.az-a açıqlamasında Diaspor Gənclərinin lll Yay Düşərgəsinin iştirakçısı, Macarıstanda yaşayan azərbaycanlı Nuranə Verdiyeva deyib.
"Şuşada bərpa işləri yüksək sürətlə davam edir. Bir il ərzində gördüklərim belə deməyə əsas verir. Bu, əlbəttə, məni sevindirir. Şuşa tamam başqa şəhərdir. Nağıllardakı şəhərə bənzəyir. Mən indiyədək valideynlərimdən bu ecazkar ərazi haqqında çox eşitmişəm. Artıq ikinci dəfədir Şuşanı canlı görürəm. Həqiqətən, çox sevincliyəm", - o bildirib.
N.Verdiyeva vurğulayıb ki, düşərgədə iştirak ona çox şey qazandırıb: "Ötən il xeyli dost qazanmışdım. Bu dəfə yaşıdlarımla tanış olmaq məni indidən həyəcanlandırır. Əminəm ki, onlarla maraqlı müzakirələrimiz olacaq. Xarici ölkələrdən olan yaşıdlarıma Qarabağın tarixi haqqında danışmağa, onları məlumatlandırmağa çalışacağam".