\
27 Noyabr 2024 - Çərşənbə

Şirvan sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıb

Şirvan sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıb
1450baxış

Şirvan şəhər sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıb.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, şəhər sakini S.Babayev Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək Zaur adlı şəxsin ondan hədə-qorxu yolu ilə pul tələb etyini bildirib.

Daxil olan müraciətlə əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb edən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hüseynov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, S.Babayev saxlanılan Z.Hüseynovdan bir müddət əvvəl 5 000 manat borc pul alıb və bir qismini müxtəlif vaxtlarda qaytarıb. Sonradan pulun qalan hissəsini qaytarmadığına görə Z.Hüseynov ondan həmin borcun faizini ödəməsi üçün hədə-qorxu gələrək 3000 manat pul tələb edib.

Fakta bağlı Z.Hüseynov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələbetmə) və 221.3-cü ( xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.