Səfirliyə hücum edənlərin lideri kimdir? - Şiə-sünni düşmənçiliyi yaradan Yasir Əl-Həbib...
1933
Güney Azərbaycan televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı açıqlama verib.
Onun sözlərinə görə, avqustun 4-də Azərbaycanın Britaniyadakı səfirliyini ələ keçirən "Mehdinin Xadimləri" radikal qrupunun başçısı Yasir Əl-Həbib İranın Qum şəhərində təhsil alıb və yetişdirilib.
Eyni halda o, İranın nüfuzlu din xadilərindən olan və hazırda İran rəhbəri Seyid Əli Xameneyinin müxaliflərindən biri kimi qələmə verilən Ayətullah Sadiq Şirazinin Londonda yaşayan qardaşının qızı ilə evlidir.
"Bunların yəni Sadiq Şirazi ilə Əli Xameneyinin ixtilafı əslində bir çox şiələrlə üst-üstə düşür. Onlar Xameneyini mərcə, yəni dini rəhbər kimi qəbul etmirlər. Əslində Xameneyi özü də özünü dini rəhbər hesab etmir, sadəcə ona başqaları dini rəhbər deyə xitab edirlər.
Adı çəkilən qrup Sadiq Şirazini dini rəhbər kimi qəbul edirlər. Buna görə də, Xameneyi ilə ixtilafları var.
Bundan öncə 2018-ci ildə, Sadiq Şirazinin oğlu Hüseyn Şirazi İranda həbs edildiyi üçün bu qrup Londonda İran səfirliyi qarşısında etiraz aksiyası keçirib və guya özlərini İran müxalifəti kimi qələmə verdilər.
Ancaq məsələnin əsli bundan ibarətdir ki, bu qrupda daxil olmaqla Küveyt və körfəz ətrafında yerləşən başqa ərəb ölkələrində fəaliyyət göstərən şiə qruplaşmaları İran hökuməti tərəfindən dəstəklənir və maliyyələşirlər.
Bunların avqustun 4-də Azərbaycan səfirliyinə hücumları əslində İran hökumətinin Azərbaycana qarşı təbliğatının nəticəsidir.
Guya Azərbaycan şiələri incidir, Azərbaycanın anti-şiə olduğu təlqin edilir və bunun nəticəsində səfirçiyimizə hücum edilir, səfirlik divarlarına şüarlar yazılır və bayrağımız aşağılanaraq yerə atılır"-deyə, Əhməd Obalı bildirib.
Günaz.TV rəhbərinin sözlərinə görə, əslində bu qrup İranda dövlətin bir qismi tərəfindən dəstəklənir və İranın oyunlarından biri də budur. İran dövləti son zamanlra Azərbaycana qarşı propaqandanı 10 dəfə artırıbdır.
"Binə qəsəbəsində divara yazılan hansısa şüarın silinməsi, həbsdə olan hansısa terrorçuların şiə rəhbərləri kimi qələmə verilməsi və başqa bu kimi hadisələr sadəcə bəhanədir.
İranın əsas narahatçılığı Azərbaycan-Ermənistan arasında olan problemin Azərbaycanın, yəni haqlı tərəfin xeyrinə həll olunması, Zəngəzur dəhlizinin açılmasıdır.
Bunu bilməliyik ki, "Mehdi Xadimləri" qrupunun əməli həm bir başa İranın barmağı olan hərəkətdir və həmdə İranın propaqandasının nəticəsidir"-Əhməd Obalı belə deyib.
Qeyd edək ki, Yasir Əlhəbib 1979-cu ildə Küveytdə anadan olub. O, "Fədək" televiziyası, "Mehdi Xadimləri" radikal dini qrupu və "Məscid ül-Möhsün"ün qurucusudur.
Bir müddət İranın Qum şəhərində dini təhsil alan Əl-Həbib radikal fəaliyyətlərinə görə, Küveyt dövləti onun başçılıq etdiyi qurumun ofisini bağlayıb və özünün vətəndaşlığını ləğv edərək həbs etdi.
Bir müddətdən sonra azadlığa buraxılan Yasir Əl-Həbib ölkədən çıxaraq Britaniyada yaşamağa başladı.
O, Londonda iranlı müctəhid Sadiq Şirazinin kiçik qardaşı Seyid Müctəba Sadiq Şirazi ilə tanış olub, onun qızı lə evlənib və ailənin qaynağı İrandan olan maddi dəstəyindən istifadə edərək radikal fəaliyyətlərini genişləndirib.
Onun fəaliyyərtləri İran hökumətinə müxalif olan bir sıra nüfuzlu din xadimləri tərəfindən tənqid edilib və Yasir Əl-Həbib şiə-süni düşmənçiliyi yaratmaqda günahlandırılıb.
Bir sıra təhlilçilərin bildirdiyinə görə, "Mehdi Xadimləri" qruplaşması və onun başçısı İranın bölgədə və dünyada proksi qruplaşmalarından biridir.
Yasir Əl-Həbibin bağlı olduğu iranlı Şirazilərin İranda dövlətin üst qatlarında bilərəkdən alternativ "müxalif" cərəyan kimi ortaya çıxarıldığı, gələcəkdə ehtimal edilən məcburi hakimiyyət dəyişikliyi dövrü üçün yetişdirildikləri bildirilir.