Rəşad Nəbiyev Qubada vətəndaşları qəbul edib
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Quba şəhərində vətəndaşlarla görüşüb.
"Mediapress.az" nazirliyə istinadən xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.