\
27 Noyabr 2024 - Çərşənbə

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
1380baxış

Azərbaycanda Aşura günü ilə əlaqədar Bakı şəhərində yerləşən 6 məsciddə və Mərkəzi Qan Bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları təşkil olunub.

Bu barədə "Mediapress.az"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib. Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.

Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.

11:13

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) Aşura ilə əlaqədar qanvermə aksiyası barədə məlumat yayıb.

TƏBİB-dən "Report"a bildirilib ki, Birliyin tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bütün tibb heyəti bu gün - Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.

100-dən çox tibb işçisi Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu “Şah Abbas” məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə Pir” məscidində, eyni zamanda Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində təşkil olunan qanvermə aksiyaları üzrə təhkim olunub.

Qanvermə bu gün saat 08:00-dan başlayıb və 18:00-dək davam edəcəkdir.

Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutur. Alınan qanın standart dozası 350-400 ml təşkil edir.

 Qeyd edək ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

09:35

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir.

Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova "Report"a açıqlamasında bildirib ki, hazırda Bakının 6 məscid və ziyarətgahında qanvermə aksiyası təşkil olunub.

Onun sözlərinə görə, 100-dən çox tibb işçisi prosesə cəlb olunub: “Regionlarda Mərkəzi Qan Bankının 8 bölməsində də (Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Lənkaran Quba və Sumqayıt) qanvermə aksiyaları keçirilir. Aksiyalar zamanı karantin qaydaları nəzərə alınıb. Donor olmaq istəyənlər həkim müayinəsindən keçirilir. Onların təzyiqi, hemoqlobin dəyəri və hərarəti ölçülür. Əgər həmin şəxs donor olmağa uyğundursa, qan verməsinə icazə verilir".

Q.Ələkbərova onu da əlavə edib ki, alınan qanlar yoxlanılır, hər hansı infeksiya aşkarlanmadığı təqdirdə istifadə olunur: “Həmin qanlar ölkəmizdə 1 500-dən çox talassemiyalı pasiyentin müalicəsi üçün istifadə olunur".

Qeyd edək ki, gün ərzində Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində, bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.