Hindistanda müğənninin qətlini təşkil etmişdi, Azərbaycanda saxlanıldı
Hindistanda 28 yaşlı tanınmış müğənni, aktyor və Sidxu Konqresinin siyasi lideri Sidxu Mus Valanın qətlini təşkil etməkdə ittiham olunan Saçin Çapan Bişnoy Azərbaycanda saxlanılıb.
Mediapress.az Haqqin.az-a istinadən xəbər verir ki, güllənənmə hadisəsi mayın 29-u Pəncəbda baş verib.
Azı 10 güllə yarası alan Sidxu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində üç növ odlu silahın 30-a yaxın güllə gilizi aşkarlanıb.
Qətlin təşkilatçılarından biri olan Saçin Çapan Bişnoy hadisədən bir ay əvvəl, bu ilin aprelində Dehlidən Dubaya, iki ay sonra isə saxta pasportla Bakıya qaçıb.
Pəncəb polisi baş verən hadisəni rəqib dəstələrin mübahisəsi ilə əlaqələndirir. Onlardan biri qətl hadisəsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Sindxu Mus Vala
Hindistan Milli Konqresinin nümayəndəsi iddia edir ki, qətl siyasi xarakter daşıyır. Pəncəb polisi bildirir ki, qətlin təşkilatçıları Bakıda gizlənən Saçin Bişnoy, Kanadada yaşayan hindistanlı qanqster Qoldi Brar, həmçinin Hindistanda uzun müddətdir cəza çəkən Lourens Bişnoy olub.
İyunun 21-də Hindistan polisi üç kişini saxlayıb. Onlara qarşı Sidxu Mus Valanı öldürməklə bağlı ittiham irəli sürülüb. Onların üzərindən silah götürülüb.
Hindistan KİV hüquq-mühafizə orqanlarındakı anonim mənbələrinə istinadən xəbər verib ki, Qoldi Brar qətlin təşkilinə görə məsuliyyəti artıq öz üzərinə götürüb.
Bişnoyun saxta pasportu
“İnsindent günü Brar killerlərin birinə zəng edib və Mus Valanı öldürməyi əmr edib. Brar silahın hansısa səbəbdən işləməyəcəyi təqdirdə avtomobil salonuna qumbara atmağı tapşırıb”, - “Hindustan Times” qəzeti yerli polisin adı açıqlanmayan zabitinin sözlərini sitat gətirir.
Hindistan KİV, həmçinin xəbər verib ki, Saçin Bişnoy Azərbaycana iyulda gəlib və Tilak Radc Tutedca adı altında gizlənib. Aprel ayında, Mus Valanın qətlindən təxminən bir ay əvvəl o, saxta pasportla Dubaya, oradan isə Azərbaycana qaçıb gəlib.
Qətli təşkil etdiyini etiraf edən Bişnoy hazırda polis nəzarəti altındadır. Bildirilir ki, o, həbsdə olan qanqster Lourens Bişnoyun qohumudur.
Hindistan polisinin rəsmi ittihamında deyilir ki, Saçin Bişnoy qatillərə avtomatik silah və silah-sursat verib. Hazırda Pəncəb polisi və Hindistan XİN onun Azərbaycandan esktradisiyası üzərində çalışır.