\
27 Noyabr 2024 - Çərşənbə

TƏBİB-də türkiyəli mütəxəssislərlə görüş keçirilib

TƏBİB-də türkiyəli mütəxəssislərlə görüş keçirilib
1498baxış

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müharibə iştirakçılarına və qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb.

Bu barədə Mediapress.az-a TƏBİB-dən məlumat verilib.

TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinin və Səhiyyə Nazirliyinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycanla Türkiyə arasında tibb sahəsində həyata keçirilən əməkdaşlıq, sahə üzrə türkiyəli mütəxəssislərlə təcrübə mübadiləsi, postmüharibə dövründə qazilərimizə psixoloji dəstəyin göstərilməsi üzrə bilik və təcrübələrin yerli mütəxəssislərlə mübadiləsi və.s məsələlər müzakirə olunub.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov hər sahədə olduğu kimi qardaş Türkiyənin tibb sahəsində də dəstəyinin danılmaz olduğunu bildirib.

Vətən müharibəsi iştirakçılarına postmüharibə dövründə türkiyəli mütəxəssislərlə birgə zəruri tibbi müayinə və müalicələrin, eləcə də psixoloji dəstəyin göstərilməsinin üstünlüyünü qeyd edib. O, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 181 nəfər qazinin zəruri tibb xidmətlərlə təmin olunduğunu, hazırda 14 qazinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicəsini davam etdirdiyini bildirib.

“Bu gün TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailələrinin üzvləri çalışır. Qazilərimizin tibbi bərpa və reabilitasiyası xüsusi ilə diqqət mərkəzindədir. Bu yaxınlarda TƏBİB-in də dəstək göstərdiyi Türkiyənin aidiyyəti qurumları ilə birgə “Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi" reallaşdırılıb. Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik, bacarıqlarını artırmaq yolu ilə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi-psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaqdır. Hesab edirəm ki, bu istiqamətdə birgə əməkdaşlığımızı bundan sonra da intensiv şəkildə davam etdirməliyik”- deyə V.Qurbanov qeyd edib.

Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner isə öz növbəsində qarşılıqlı əməkdaşlığa, birgə təcrübə mübadiləsinə, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün hazır olduqlarını vurğulayıb.