sosial şəbəkələrdə uşaqların reabilitasiya mərkəzində döyülməsi ilə bağlı görüntülər yayılıb.
Məlumata görə, video Neftçilər metro stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik mərkəzində qeydə alınıb.
Məsələ ilə bağlı Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli Bakupost.az -a açıqlama verib.
Sədr bildirib ki, Assosiasiyanın adı çəkilən mərkəzlə heç bir əlaqəsi yoxdur:
“Adı qeyd olunan, “Mehnur" loqopedik mərkəz bizim Assosiasiyanın üzvü deyil.
Heç bir fəaliyyətləri yoxdur, idman yarışlarında iştirak etmirlər. Özüm illərlə bu işlə mübarizə aparmışam.
İstər xüsusi qayğıya ehtiyacı olan, istərsə də normal uşaq olsun, heç kimə bunu etmək olmaz, qəti şəkildə əleyhinəyik. Bu insanlar tapılıb, cəzalandırılmalıdır.
Dəfələrlə demişik, dövlət və ya özəl müəssisələr olsun, nə qədər ki, mərkəzlər lisenziyasız fəaliyyət göstərir, heç bir qurum nəzarət etmirsə, bu məsələlər olacaq. Burada nə keyfiyyətli təlimdən, nə də təhsildən söz gedə bilməz.
4 qurum, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin nəzarətində olan komissiya, qurum yaradılmalıdır. Nazirlər Kabineti bunlara lisenziya verməlidir ki, fəaliyyət göstərsin. Bütün standartlara, təmizlikdən tutmuş, texniki işçilərə, təlimçilərə qədər hamısı öz yerini tapmalıdır. İdman zalları, otaqlar standartlara cavab verməlidir.
Əgər bunlar yoxdursa, işçi heyətə nəzarət olunmur, aidiyyəti olmayan insanlar gəlib təlim keçirsə, belə də olacaq. Təklif edirik ki, bu mərkəzlərə dövlət tərəfindən nəzarət olunsun, onlara lisenziya verilsin. Bu uşaqlara qarşı zorakılıq edənlər öz cəzasını almalıdır”.