“Yeni Çağ”da yeni çağ başlayır - 15 il!
15 illik yol…
Ənənəvi və yeni media arasındakı rəqabətdə mətbuatın rəqəmsala daşınması prosesinin üstün gəlməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da inteqrasiyanı labüd etdi. Fəaliyyətə qəzetçiliklə başlayan “Yeni Çağ” 21-ci əsrin tələbinə uyğun olaraq yeni mediaya sürətli keçid edən xəbər qurumlarından biri oldu. İlk nüsxəsi 25 fevral 2006-cı ildə işıq üzü görən “Yeni Çağ” bu dövrdə daha da tanınmaq üçün zamanına görə o qədər də populyar olmayan internet media sektoruna addım atdı. Belə ki, 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” 5 sentyabr 2007-ci ildən etibarən yenicag.az domenilə fəaliyyət göstərməyə başladı. Bu gün artıq gərgin kollektiv əməyin nəticəsində oxucular arasında etibarlı xəbərin ünvanı kimi tanınan “Yeni Çağ” xarici auditoriyaya da informasiya ötürmək funksiyasını həyata keçirir. 2016-cı ildən yenicag.ru və yenicag.info, 2018-ci ildən isə yenicag.tv domenləri ilə fəaliyyətini davam etdirən “Yeni Çağ”ın ölkə sərhədlərindən kənarda da oxucu kütləsi formalaşıb.
Bu gün 15 yaşını qeyd edən “Yeni Çağ” kollektivini biz də təbrik etdik. Onlardan 15 ildə gəldikləri yolu xəbər aldıq.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirdi ki, artıq Media Qrup halını alan “Yeni Çağ” türk dövlətləri, həmçinin dünyada baş verən proseslər, hadisələr haqqında oxuculara məlumat verməklə yanaşı, müxtəlif analitik yazılar, araşdırma materialları, sosial, siyasi, iqtisadi təhlilləri ilə də seçilir:
“Media Qrupuna daxil olan saytlarda yayımlanan materiallara digər ölkələrin öndə gələn yayım orqanları tərəfindən istinadlar verilir və işıqlandırılmış olaylar ətrafında geniş müzakirələr aparılır. “Yeni Çağ” Media Qrupu bir sıra siyasi, sosial, iqtisadi, mədəni layihələr həyata keçirib və keçirməkdədir. Oxuculara gün ərzində baş verən hadisələrin xülasəsinin çatdırıldığı “Xəbər Çağı”, dünyada və ölkəmizdə baş verən hadisələr, aktual mövzuların özünəməxsus şəkildə şərh edildiyi “A-dan Z-yə Aqil Ələsgərlə”, siyasi gündəmin ələ alındığı, debatların təşkil olunduğu “Müzakirə vaxtı”, II Qarabağ Müharibəsindən bəhs edən “Müharibə gündəliyi” və digər layihələrdən bəhs etmək olar. “Yeni Çağ” Media Qrupu beynəlxalq tədbirlərin sadəcə media dəstəkçisi olmaqla, fəaliyyətini yekunlaşdırmır, həmçinin təşkilatçısı olduğu beynəlxalq forum, konfrans və simpoziumlarla həm ölkə daxilində, həm də xaricdə adından söz etdirməyi bacarıb. “Yeni Çağ”ın təşkilatçılığı ilə baş tutan tədbirlərdə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, İraq və digər ölkələrdən tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər iştirak edib və hər bir tədbir Azərbaycanla bərabər həmin ölkələrin mətbuatında da ciddi rezonans doğurub. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ön sıralarda dayanan “Yeni Çağ”ın həyata keçirdiyi “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası çərçivəsində edilən paylaşımlar sosial medianın dünya trendinə düşüb. Türkiyənin regional televiziya və onlayn mediasını öz ətrafında toplayan Anadolu Yayınçılar Dərnəyi, “Haber 7” başda olmaqla ən nüfuzlu türk saytları, Qazaxıstanın tanınmış informasiya portalları olan “Newsroom.kz”, “Turkistan.today” və “Turkistannews.kz” saytları, Qırğızıstanın “Manas” radiosu, Gürcüstanın “The Georgian Times”, “Aktual.Ge” saytları ilə ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.
Bu əlaqələrin faktiki nəticəsidir ki, II Qarabağ Savaşı zamanı Çexiya, Ukrayna, Estoniya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkiyə və ərəb mediasında müntəzəm olaraq, çıxış edərək, informasiya savaşı aparırdıq.
Milli maraqların toxunulmaz prioritet elan edildiyi “Yeni Çağ” Media Qrupu daim yeni yanaşmalar irəli sürür, mövcud standartlarını yüksəldərək oxucuların rahatlığını düşünüb xəbərə əlçatanlığı təmin edir. Bu gün bütün sosial şəbəkələrdə olan “Yeni Çağ”ın Qaynar Xətti vasitəsi ilə ən isti məlumatları əldə edə bilər və ya xəbər dəyəri olacağını düşündüyünüz foto və videoları bizə göndərə bilərsiniz.
Qısacası, biz 15 ildir sizinləyik və sizin üçün çalışırıq. Hədəfimiz Azərbaycanın bir markası olaraq, dünya mediası arasında layiq olduğu yeri tutmaqdır. Çünki “Yeni Çağ”çılar demişkən, indi bizim çağımızdır!”.
“Yeni Çağ” Media Qrupunun redaktoru Aqil Bəkir də artıq 3 ildir “Yeni Çağ” Media Qrupunda çalışır. Deyir ki, mətbuata ilk addımı məhz buradan başlayıb:
“Ötən illər ərzində jurnalistika sahəsində özünü sübut etmiş peşəkar insanlarla çalışmaq püxtələşməyim baxımından çox önəmli rol oynadı. Ömrünü jurnalistikaya həsr etmiş şəxslərlə işləmək, onların əhatəsində olmaq, jurnalistikanın peşə sirrlərinə yiyələnmək mənim üçün əvəzsiz bir şeydir. Baxmayaraq ki, 3 ildir bu sahədəyəm, hələ də öyrənməyə davam edirəm. Ötən illər ərzində bir çox layihələrə imza atdıq. Redaksiyadakı azadlıq ab-havası bizə rahatlıq verməklə yanaşı, həm də ideyalarımızı gerçəkləşdirməyə imkan tanıyır. Belə ki, ideya müəllifi və aparıcısı olduğum “Sözümüz var” layihəsini reallaşdırdıq, cəmiyyəti narahat edən və ya toplumun görmədiyi problemlərə toxunduq, satirik münasibət bildirərək oyanma prosesini tətiklədik. Bundan başqa, ilk dəfə xəbər spikerliyi təcrübəsini də məhz “Yeni Çağ”da daddım. Həmçinin aktual mövzular ətrafında müəllif yazılarım da yayımlanır.
Xatırlayıram, 2019-cu ilin 15 martında iş görüşməsi üçün redaksiyaya gəldikdə Media Qrupun Baş direktoru Aqil Ələsgərlə görüşdüm. Bu işdə heç bir təcrübəm olmamasına rəğmən, o, gənclərlə çalışmaqdan, onları öyrətməkdən heç vaxt qaçınmadığını bildirdi. Söhbət o qədər səmimi keçmişdi ki, adımı soruşmağı belə unutmuşdu. Mənim də adımın Aqil olduğunu öyrəndikdə: “Bir redaksiyada bir Aqil olar”, – deyə zarafatından qalmamış, səmimi ortamı elə ilk gündən yaratmışdı. Çoxlu sınaqlardan, çətinliklərdən keçərək 15 ildir yol gələn “Yeni Çağ”ın son 3 ilində yer aldığım üçün özümü şanslı hesab edirəm. Qürurla deyə bilərəm və gələcəkdə də deyəcəm ki, mən “Yeni Çağ”ın yetirməsiyəm”.
Mətbuatın tanınan imzalarından olan, tanınmış jurnalist Cəvahir Nehru isə qeyd etdi ki, 2017-ci ildən “Yeni Çağ” ailəsinin üzvüdür:
“Uzun bir yol keçən “Yeni Çağ”ın adı bu gün ölkənin aparıcı media qurumları ilə eyni sırada çəkilir, sayılıb-seçilən bir media orqanıdır. “Yeni Çağ” bütün sahələrdə maraqlı müsahibələrin, özəl yazıların, operativ xəbərlərin ünvanıdır. Jurnalistika elə bir peşə sahəsidir ki, burada yaradıcılıq sərbəstliyi, mühit çox önəmlidir. Təbii ki, bu mühiti də formalaşdıran rəhbərlikdir. “Yeni Çağ” Media Qrupunda hər zaman səmimi atmosfer, müsbət ab-hava olub. Bu mənada, Aqil Ələsgərə təşəkkür borcumuz var. Çox tez-tez işlətdiyim bir deyimi xatırlamaq istərdim: Xoşbəxt o insandır ki, səhərlər işə, axşamlar evə tələsir. Bizdə axşamlar evə deyil, tədbirlərə, hadisə yerinə, müsahibələrə tələsdiyimiz məqamlar da çox olur. Nə deyim, ürəyim xoş sözlərlə doludur. Bir cümlə ilə sevgimi ifadə etmək istəyirəm: İllərdir bu peşənin daşıyıcısı olaraq “Yeni Çağ” komandası ilə çalışmaq mənim üçün bir zövq, həm də komfortdur. Aqil Ələsgər başda olmaqla, bütün komandamızı, eləcə də vaxtilə bu komandada çiyin-çiyinə çalışdığımız həmkarlarımı təbrik edirəm. Fəxrlə deyirəm ki, indi bizim çağımızdır!”.
“Yeni Çağ” Media Qrupunun hərbi sahə üzrə müxbiri Səxavət Məmmədov bizimlə söhbətində qeyd etdi ki, “Yeni Çağ” Media Qrupu bu cameədə özünəməxsus yeri olan media quruluşudur:
“Artıq 5 ildir hərbi jurnalist kimi “Yeni Çağ”da çalışıram. Bu müddət ərzində “Yeni Çağ”ın azad yaradıcılıq mühiti məni çox qane edib. Aprel və Tovuz döyüşləri, son olaraq da Vətən müharibəsi zamanında hərbi jurnalist kimi cəbhənin ən qızğın nöqtələrindən insanları məlumatlandırmışıq. Elə buna görədir ki, 44 günlük savaşda insanlar ən dəqiq xəbərləri “Yeni Çağ”dan öyrənirdi. Peşəkarlığı özünün əsas kodeksi elan edən “Yeni Çağ” bu prinsipdən çıxış edərək professional heyətilə birlikdə aparıcı media qurumuna çevrilib. Bütün bunlar onu deməyə əsas verir ki, “Yeni Çağ” bundan sonra daha da zirvələrə qalxacaq. Burada olmaqdan, “Yeni Çağ”ın bir parçasına çevrilməkdən məmnunam”.
Media Qrupunun sosial- iqtisadi sahə üzrə müxbiri Gülşən Şərif isə qeyd etdi ki, “Yeni Çağ” Media Qrupunun yubileyindən öncə sentyabrın 3-də bu media qurumunda fəaliyyətinin 4 ili tamam oldu: “Bu 4 il ərzində çətinliklərimiz də oldu, xoş günlərimiz də… Əsas olan odur ki, hər birinin öhdəsindən gələ bildik. Ümid edirəm, bundan sonra da hər şeyə rəğmən birliyimiz davam edər. “Yeni Çağ” Media Qrupunun kollektivi hər zaman istər yerli və beynəlxalq tədbirlərdə, istərsə də 44 günlük müharibə dövründə öz məhsuldarlığı ilə cəmiyyətə xidmət etməyə, faydalı olmağa can atıb. 15 il ərzində bəlli bir izləyici auditoriyası formalaşıb və inanıram ki, oxucularımızın bizə etimadı tamdır. Redaksiyamız sağlam rəqabət mühitində iştiraka meylli olsa da, digər redaksiyaların və həmkarların çətinliklərinə əsla sevinməyib. Əksinə hər zaman öz həmkarlarının yanında olmağa üstünlük verib. Media sahəsində öz dəsti xəttilə seçilən “Yeniçağ.az” saytı həm də daim gənclərə verdiyi dəstəklə seçilib. Çünki istənilən təcrübəsiz gəncin gələcəkdə savadlı kadr olmasının tək yolu nəzəriyyə ilə bağlı deyil. Həm də təcrübəlilərin praktikasına ehtiyacı var. Bu dəstəyin davamlı olmasını diləyirəm. 15 yaşı tamam olan Yenicag.az-a uğurlarının davamlı olmasını arzu edirəm. Bundan sonra da özünəməxsusluğu, mehriban kollektivi ilə fəaliyyəti uğurlu və davamlı olsun”.
“Yeni Çağ” Media Qrupunun sosial media marketinqi Məsimə Məmmədova artıq 3 ildir ki, “Yeni Çağ” Media Qrupunda çalışdığını deyir:
“Fəaliyyətinin 15 ili tamam olan “Yeni Çağ” daim eksklüziv xəbərlərlə oxucuların etimadını qazanmağa çalışıb və qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib. Bununla yanaşı, Yeniçağ.az sosial problemləri işıqlandırmaqla, vətəndaşların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına kömək göstərir. Kollektivimiz media sahəsində öz sözünü demiş təcrübəli və peşəkar kadrlarla yanaşı, istedadlı gənclərdən də ibarətdir. “Yeni Çağ” kollektivində yer aldığım üçün çox xoşbəxtəm. Yubileyimiz münasibətilə başda Aqil Ələsgər olmaqla, həmkarlarımızı təbrik edir, onlara yaradıcılıqlarında uğurlar arzulayıram”.
Saytın operatoru Cavid Qaçayev isə deyir ki, “Yeni Çağ”-da işləməyə başladığı müddətdən peşəkar və mehriban kollektivlə tanış olub:
“İşlədiyimiz layihələrin və qazandığım təcrübələrin də təsiri az deyil. Bu komandanın bir parçası olmaqdan çox şadam. Başda Aqil bəy olmaqla bütün həmkarlarımı təbrik edirəm. Daha böyük uğurlara imza atmaq və böyük yaşlar qeyd etmək diləyi ilə…”.
“Yeni Çağ” Media Qrupunun rus bölməsinin redaktoru Rüstəm Qasımov isə burada olduğu üçün məmnun olduğunu deyərək çalışdığı komandanı böyük bir ailəyə bənzətdi:
“ “Yeni Çağ” ailəsinin bir üzvü olduğum üçün çox məmnunam. 15 yaşlı “Yeni Çağ”-a daha böyük nailiyyətlər arzu edirəm”.
Mediapress.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, daha yüksək zirvələri fəth etməyi hazırlayırıq!