\
27 Noyabr 2024 - Çərşənbə

“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək - Video - FOTOLAR

“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək - Video - FOTOLAR
1578baxış

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi keçirilib.

Mediapress.az-ın məlumatına görə, saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.

Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PMD Hospitality” MMC-nin İdarə heyətinin sədri Samir Qurbanov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.

Ülvi Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlardan söz açıb. Diqqətə çatdırılıb ki, bu inkişafın gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədilə təsis edilən “ABAD” iri şirkətlərin və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilib.

Samir Qurbanov “PMD Hospitality”nin idarəçiliyndə olan hotellərin geniş qonaqpərvərliyini nümayiş etdirməyə və "ABAD"çılara dəstək olub fərqli məhsullarını hotellərdə təqdim etməyə şirkətin hazır olduğunu vurğulayıb.

"ABAD"ın 6 illik fəaliyyəti barədə məlumat verən Rüfət Elçiyev iqtisadi rayonlar üzrə "ABAD"çıların sayının 534 nəfər olduğunu, onların indiyədək əldə etdiyi gəlirin 6.3 milyon, ümumi dövriyyənin 7.2 milyon manat olduğunu qeyd edib.

Tərəflər Sazişin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.

Sonra “ABAD” publik hüquqi şəxs və “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Sazişə əsasən “PMD Hospitality”ə məxsus obyektlərin tədarük ehtiyaclarının “ABAD”çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək. Yerli, ekoloji təmiz, ailə təsərrüfatlarının istehsalı olan məhsullarla təchizatın gücləndirilməsi üçün sözügedən obyektlərin yerləşdiyi ərazilərin yaxınlıqlarında “ABAD”çıların formalaşdırılmasına dəstək göstəriləcək.

“PMD Hospitality”nin portfelinə daxil olan hotellərdə “ABAD”çı sənətkarlar tərəfindən hazırlanmış suvenirlərdən, o cümlədən məişət və dekor məhsullarından istifadə ediləcək. Həmçinin qonaqların “ABAD”çı məhsulları ilə yaxından tanış olmaları və əldə edə bilmələri üçün həmin hotellərdə ABAD etno-butikləri fəaliyyət göstərəcək.