Azərbaycan MN: "Ermənistanın mövqelərimizi atəşə tutmasında məqsəd sülh sazişinin imzalanmasının yubadılmasıdır"
"Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır".
"Mediapress.az"ın xəbərinə görə, bu barədə sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinqdə bildirib.
Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əminamanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur.