Dünya azərbaycanlıları Ermənistanın təxribatı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Mediapress.az"a verilən məlumata görə, bəyanatda deyilir:
“Biz, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyimizi bəyan edir və beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini xahiş edirik.
Bildiririk ki, 12 sentyabr 2022-ci ildə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə, Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Təəssüf hissi ilə vurğulayırıq ki, Azərbaycanın təşəbbüsü ilə başlanan iki ölkə arasında sülhyaratma prosesinə Ermənistanın təxribatla cavab verməsi ilk dəfə deyil. Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü 5 təklifdən ibarət sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi, üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir. Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi yuxarıda qeyd edilənləri bir daha sübut edir. Xatırladırıq ki, müharibənin başa çatdığı dövrdən indiyədək Ermənistan tərəfindən müxtəlif növ minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi səbəbindən yüzlərlə insan minaya düşərək yaralanmış və ya həlak olmuşdur.
Biz, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri əminliklə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycanın gördüyü əks-tədbirlər lokal xarakterli olub, hərbi hədəflərə qarşı yönəlib. Belə ki, cavab tədbirləri hədəflənmiş xarakterli olmaqla Azərbaycanın sərhədlərinin toxunulmazlığını, işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır. Eyni zamanda Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayır və bunun Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiya olduğuna əminliyimizi ifadə edirik.
Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Biz, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri qətiyyətlə söyləyirik ki, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Doğma Vətənimizin işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı zaman, Ermənistanın təcavüzə yol verməsi bu prosesə hər vəchlə mane olduğunun növbəti bariz göstəricisidir.
Biz bir daha beynəlxalq təşkilatlara, aparıcı qurumlara müraciət edərək dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyaraq sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik”.