\
27 Noyabr 2024 - Çərşənbə

Zaqatalada fındıq festivalı və "Yurdumun ləzzəti" stendinin açılışı olub - FOTOLAR

Zaqatalada fındıq festivalı və "Yurdumun ləzzəti" stendinin açılışı olub - FOTOLAR
1374baxış

Bu gün Zaqatalada fındıq festivalı və "Yurdumun ləzzəti" stendinin açılışı olub. 

Festivalda kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və digər rəsmi şəxslər iştirak ediblər.

"İllərdir öz populyarlığını qoruyub saxlayan fındıq festivalının Zaqatalada keçirilməsi təsadüfi deyil. Zaqatala ölkəmizin ən böyük fındıqçılıq rayonudur, Azərbaycandakı fındıq bağlarının 25%-i burada yerləşir, fındığın isə 45%-i Zaqatalada yetişdirilir. Bu mənada fındıq festivalı keçirmək Zaqatala rayonunun haqqıdır və rayon artıq neçə illərdir ki, bu gözəl festivala haqlı olaraq ev sahibliyi etməkdədir", - deyə nazir müavini öz çıxışında bildirib. Həmçinin qeyd edib ki, fındıq xarici ölkələrə ən çox ixrac olunan məhsullardandır: "Ölkəmizdə fındıqçılığın inkişafına dövlət dəstək verir. Fındıq əkinləri subsidiyalaşdırılır, yeni salınan intensiv fındıq bağlarına ilk dörd il ərzində hər hektara 730 manat subsidiya verilir. Eyni zamanda boş Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4 400 manat birdəfəlik əkin subsidiyası ödənilir. Fındıqçılığın inkişafına dövlət dəstəyi bununla yekunlaşmır, digər intensiv meyvə bağlarında olduğu kimi, fındıq bağlarında çəkilmiş müasir suvarma sistemlərinin dəyərinin 40%-ni dövlət ödəyir".

Səfir Peter Mixalko öz çıxışında bildirib ki, Azərbaycan fındıq ixracı üçün dünyada 3-cü ölkəyə çevrilib. Avropada Zaqataladan fındıq tədarük edildiyini bilirlər. Bu, çox vacib amildir, Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlıqdan xəbər verir. Bu, həmçinin ölkədə yetişdirilən məhsulların Avropa bazarlarına çıxarılması baxımdan imkandır". 

Səfir əlavə edib ki, Aİ Azərbaycandan məhsul, o cümlədən meyvə-tərəvəz idxalı ilə bağlı yerli istehsalçıları dəstəkləyir: "Bunun üçün Azərbaycan olan bir sıra tərəfdaşlarla birgə layihələr həyata keçiririk. Həmin tərəfdaşlardan biri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). Layihələrdən birinin hesabına Zaqatalanı məşhur edən dədə-baba fındıq sortunu , həmçinin bu bölgədə yetişdirilən məhsulları qorunan məhsul irsi siyahısına daxil etmişik".

Mediapress.az