Qırğızıstan Tacikistanla sərhəd toqquşmalarında 31 nəfərin yaralandığını açıqlayıb
Qırğızıstan və Tacikistan sərhədinin bütün perimetri boyunca şiddətli döyüşlər gedir, Tacikistan tərəfi ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (RYAS) və aviasiyadan istifadə edir.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Yerdən və havadan edilən bütün hücumlar Qırğızıstan tərəfdən dəf edilir və bu, Qırğızıstanın ərazisini, yaşayış məntəqələrini ələ keçirməyi mümkünsüz edir”, - məlumatda vurğulanıb.
Nazirlər Kabinetinin müavini - Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri, general-leytenant Qamçıbəy Taşıyev hadisə yerindədir.
Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına görə, o, atəşi dayandırmaq və vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür.
Qurum vurğulayıb ki, Tacikistan dinc sakinlərdən canlı sipər kimi istifadə edir.
Bundan başqa, sərhəddəki toqquşma nəticəsində Qırğızıstan tərəfindən yaralananların sayı 31-ə çatıb.
Eyni zamanda, KİV-də Qırğızıstana məxsus T-72 tankının vurulmasına dair videogörüntülər yayılıb.
Hazırda Tacikistan-Qırğızıstanın dövlət sərhədində döyüşlər gedir.
“Report” xəbər verir ki, açıqlamanı Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.
Bildirilib ki, Qırğızıstan sərhəddəki münaqişə ilə bağlı Tacikistanı əsassız olaraq ittiham etmək üçün sosial şəbəkələrdən yararlanır.
“Qırğız Respublikası sosial şəbəkə vasitəsi ilə Tacikisitanı münaqişəni davam etdirməkdə ittiham etməyə cəhd göstərir. Bunların heç biri reallığı əks etdirmir. Tacikistan Respublikası və Qırğız Respublikası ilə dövlət sərhədində vəziyyətin sabitləşməsi üzrə cəhdlərimiz 2022-ci il sentyabrın 15-də uğursuzluqla nəticələndi. Qırğızıstan silahlı münaqişəni davam etdirir və problemin danışıqlar yolu ilə həllindən imtina edir”, - məlumatda vurğulanıb.
“Əldə edilən razılığa baxmayaraq, Tacikistan Qırğız Respublikası ilə sərhəddəki münaqişə bölgəsinə hərbi döyüş texnikası cəmləşdirir”.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumata görə, atəşkəs haqqında əldə edilən razılığa baxmayaraq, rəsmi Düşənbə münaqişə bölgəsinə döyüş texnikası yığır və Qırğız Respublikasının ərazisini malik olduğu bütün texnikadan atəş açır: “Bununla da Tacikistan ərazimizi ələ keçirməyə çalışır”.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan sərhədçiləri arasında Leylek və Batken sərhədyanı rayonlarında atışma olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Xatırladaq ki, Tacikistan və Qırğızıstanın təhlükəsizlik qurumları arasında atəşkəsə dair razılıq əldə edilib.